Rusiya mətbuatı: Rəşad Sadıqovdan yaxşı basketbolçu da çıxardı

Futbol üzrə Almaniya millisinin sabiq üzvü Per Mertezakerin basketbol şərhçiliyi etməsinə münasibət bildirən Rusiyanın həftəlik “Futbol” jurnalı karyerası ərzində bu idman növü ilə məşğul olan futbolçuların siyahısını açıqlayıb.

Prosport.Az xəbər verir ki, onların arasında yığmamızın keçmiş üzvü, “Qarabağ”ın kapitanı Rəşad Sadıqovun da adı var.

Rusiyalı həmkarlarımız 36 yaşlı müdafiəçinin bir ara futbolsuz qaldığı üçün basketbol oynadığını xatırladıblar:

“İş elə gətirdi ki, Türkiyə çempionatında “Kayserispor”un formasını geyinən Rəşad Sadıqov orda çox qala bilmədi və doqquz oyundan sonra öz ölkəsinə qayıtdı. Amma bu oğlan Azərbaycanda problemlə üzləşdi: transfer pəncərəsi bağlanmışdı. AFFA ona aşağı liqada oynamağı təklif etsə də, Sadıqov bu variantı qəbul etmədi.

Rəşad işsiz oturmaq istəmədi və basketbolla məşğul olmağa başladı. “NTD Servis Devon” (indiki NTD – red.) klubun heyətində ilk oyunundaca 13 xal topladı. Sonradan Rəşad yenidən futbola qayıtdı. Halbuki, ondan yaxşı basketbolçu da ola bilərdi”.

Qeyd edək ki, siyahıda argentinalı Qabryel Batistuta, fransalı Biksan Lizarazyu, ingiltərəli Rio Ferdinand, Almaniya doğumlu türk İlhan Mansız və polşalı Yeji Dudek kimi futbolçuların da adları yer alıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.