Ən uğurlu mövsümünü Ermənistanda keçirmiş futbolçu Azərbaycana transfer oldu – FOTO

“Zirə” klubu heyətinə iki yeni futbolçu qatıb. 

Prosport.Az xəbər verir ki, Azərbaycan Premyer Liqasının autsayderi olan komanda paraqvaylı Xulio Sezar Rodriqes Ximenes və Fil Dişi Sahilindən olan İsmael Beko Fofana ilə anlaşıb. Hər iki hücumçu ilə 6 ay + 1 illik müqavilə bağlanılıb.

28 yaşlı Xulio Sezar Rodriqes ölkəsindən başqa, Argentina və Meksikada legioner həyatı yaşayıb. Onun son komandası ölkəsinin “Deportivo” (Kapyata) klubu olub. Ötən ilin yanvarında bu klubla müqavilə bağlayan cənubi amerikalı orda bir il ərzində 4 qol vurub. Paraqvaylı futbolçu Avropada ilk legioner karyerasını məhz Azərbaycanda yaşayacaq.

30 yaşlı Beko Fofana ölkəsinin “Mimozas” klubunda iki dəfə çempion olub və bir də ölkə kubokunu başı üzərinə qaldırıb. Həmin komanda ilə İngiltərənin “Çarlton” klubu arasında olan əməkdaşlıq sayəsində 2006-cı ildə London təmsilçisinə transfer olunub. Lakin o, əsas komandada oyun keçirmədən Norveçin “Fredriksta”, Fransanın “Şerbur” və “Sent-Lo Manş” klublarına icarəyə verilib.

2010/11 mövsümündə ölkəsinin “Seve” klubunda olan 2012-ci ilin yanvarında Avropaya – bu dəfə Ermənistana qayıdıb. Fofana burda “Şirak” komandası ilə Ermənistan kubokunu qazanıb. 2012/13 mövsümündə vurduğu 14 qola baxmayaraq (bu nəticə ilə komandasının ən çox qol vuran futbolçusu olub, ümumiyyətlə, Ermənistandakı karyerası ən uğurlusu olub – S.T.), dekabrda İranın “Zob Ahan” klubuna icarəyə verilib. 2013-cü ilin yayında yenidən “Şirak”a qayıdan afrikalı forvard bu dəfə Çempionlar Liqasının I təsnifat mərhələsində San Marinonun “Tre Penne” komandası ilə oyunda het-trikə imza atıb. II təsnifat mərhələsində Serbiyanın “Partizan” klubu ilə oyunda göstərdiyi gözəl performansa görə, Belqrad klubuna transfer olunub.

6 avqust 2013-cü ildə “Partizan”la dörd illik müqavilə bağlayıb. Orda 10 nömrəli formanı geyinən futbolçu 2015-ci ilin qışında Çinin “Çinqtau Conun” klubuna icarəyə verilib. Bir mövsüm orda oynadıqdan sonra “Partizan”a qayıdan futbolçu cəmi bir çempionat matçına çıxsa da, Serbiya kubokunu bu dəfə başı üzərinə qaldırıb.

2016-cı ilin yayında burdan ayrılan futbolçu 25 iyunda Serbiyanın “Çukariçki” klubu ilə iki illik müqavilə bağlayıb. Bu komanda ilə Avropa Liqasının I təsnifat mərhələsində Qazaxıstanın “Ordabaşı” klubuna qarşı debüt edən futbolçu II mərhələdə qol vurub. O, cavab oyununda Macarıstan “Videoton”unu 1:1 başa çatan matçda məyus edib. 2017-ci ilin martın 1-də isə mövsümün sonunadək Qazaxıstanın “İrtış” komandasına icarəyə verilib.

Ötən ilin iyunun 30-da yenidən Serbiyaya qayıdan Beko Fofana bu dəfə “Voyvodina” ilə iki illik müqavilə bağlayıb. Ötən ayın 18-də isə bu müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. O, cari mövsüm 13 oyuna 2 qol vurub.

Səbuhi MUSAYEV

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.