“Qarabağ” Çempionlar Liqası üçün “Qəbələ” və “Neftçi”nin futbolçularını heyətinə qatdı

“Qarabağ” 2018/19 mövsümü üçün heyətini gücləndirməyə start verib. 
 
Prosport.Az xəbər verir ki, ölkəmizi bu il də Çempionlar Liqasında təmsil edəcək komandamız xorvatiyalı futbolçu Filip Ozobiçi və Rahil Məmmədovu sıralarına qatıb. Hər iki futbolçu ilə 3 illik müqavilə imzalanıb.
 
“Mladost” klubunun yetirməsi olan Ozobiç peşəkar karyerasına Rusiyanın “Spartak” (Moskva) klubunda başlayıb, 2012-ci ildə isə karyerasını icarə əsasında vətənində “Xayduk” (Split) klubunda davam etdirib. 2013-cü ildə Xorvatiyanın “Slaven” klubuna transfer olunub. Bu klubda 3 mövsüm keçirən Filip 2016-ci ildə “Qəbələ” klubuna transfer olunub. Burda çıxış etdiyi 2 mövsümdə ümumilikdə 74 matçda meydana çıxıb və 25 qolla yadda qalıb. Mərkəz yarımmüdafiəçisi olan Ozobiç Xorvatiyanın aşağı yaş qrupları üzrə milli komandalarında (U-16, U-17, U-18, U-19, U-20 və U-21) forma geyinib və 3 dəfə də ölkəsinin əsas yığmasına dəvət alıb.
 
Mərkəz müdafiəçisi olan Rahil Məmmədov isə peşəkar karyerasına 2014/15 mövsümündə “Neftçi”də başlayıb. Məmmədov geridə qalan mövsümün qış fasiləsində icarə əsasında “Səbail”ə keçib. O, “Neftçi” formasıyla 43, “Səbail”in heyətində isə 13 dəfə meydanda olub. Müxtəlif yaş qrupları üzrə milli komandalarda çıxış etmiş Rahil bu ildən etibarən 2 dəfə əsas millimizə dəvət alıb.
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.