O da “Qarabağ”dan getdi

“Qarabağ”ın daha bir legioneri klubdan ayrılır.

Oxu.Az-ın kluba yaxın mənbədən əldə etdiyi məlumata görə, bu, qapıçı İbrahim Şexiçdir.

Onun müqaviləsi başa çatır. Bosniya və Herseqovina millisinin qolkiperi yeni müqavilə şərtləri ilə razılaşmayıb və komandanı tərk etmək qərarı verib.

Bu xəbəri klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov təsdiq etməsə də, təkzib də etməyib:

“Bizdə bir çox futbolçuların müqavilələri klubla başa çatıb. İbrahim də həmin futbolçular arasındadır”.

Qeyd edək ki, İbrahim Şexiç 2013-cü ilin oktyabrından “Qarabağ”da çıxış edirdi. “Qarabağ”ın digər qapıçısı ukraynalı Anton Kanibolotskidir.

Xatırladaq ki, “Qarabağ”dan ayrılması dəqiqləşmiş digər futbolçular Rişard Almeyda, Pedro Enrike, Əfran İsmayılov və Rahid Əmirquliyevdir.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.