"Qəbələ" - "Qarabağ" oyunu Bakıda keçirilə bilər

Azərbaycan Premyer Liqasında sonuncu – XXVIII turun “Qəbələ” - “Qarabağ” matçı Bakıda keçirilə bilər.

Prosport.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib. R.Musayev belə bir variantı Ağdam klubuna çempionluq kubokunun və qızıl medalların təqdim edilməsi ilə əlaqələndirib. Dəyişiklik rəsmiləşəcəyi təqdirdə, matç mayın 20-də Qəbələdə deyil, “Azərsun Arena”da keçiriləcək: “Çempionluq kubokunu sonuncu turda təqdim etməyi nəzərdə tutmuşuq. "Qarabağ" isə axırıncı turda səfərdə "Qəbələ" ilə üz-üzə gələcək. "Qarabağ"ın mükafatı doğma azarkeşləri önündə almasından ötrü "Qəbələ"dən oyunu Bakıda keçirməsini xahiş edə bilərik".

Qeyd edək ki, “Qarabağ” cari mövsümün başa çatmasına 4 tur qalmış çempionluğu rəsmiləşdirib. Hazırda 59 xalla birinci pillədə qərarlaşan Ağdam təmsilçisi 2-ci sıradakı “Qəbələ”ni 17 xal qabaqlayır. PFL-in planı gerçəkləşsə, “qırmızı-qaralar” mükafatçılar sırasına düşəcəkləri təqdirdə, onlar da medallarını “Azərsun Arena”da alacaqlar.
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.