Tərlan Əhmədovdan "Neftçi" rəhbərliyinə atmaca: "Bundan sonra çoxlarının iştahı artdı"

Azərbaycan Premyer Liqasının XXIV turunda evdə “Qəbələ”yə qalib gələn (1:0) “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Prosport.Az xəbər verir ki, Əhmədov əvvəlcə matçla bağlı fikirlərini bildirib:

– İki komandanın ifasında maraqlı, məzmunlu oyun izlədik. Gərgin oyun idi. Son 30 dəqiqədə daha çox həyəcan keçirdik. Çalışdığımız qədər yaxşı futbol nümayiş etdirdik. Bizə dəstək olan hamıya təşəkkür edirəm. Turnir cədvəlində mövqeyimizi bir qədər də yaxşılaşdırdıq. Çalışacağıq, bundan sonra da yaxşı nəticələr qazanaq.

– Son vaxtlar əsas müzakirə mövzusu sizin istefa verəcəyinizlə bağlıdır...
– Səhvsiz insan yoxdur. Bəlkə də kubokun cavab görüşündə mənim taktiki səhvimdən uduzduq. İlk dəfə idi ki, müdafiədən oyun qurdum. Buna görə heyətdə bir neçə dəyişiklik etdim. Bunun da bədəlini ödədim. Mən bu komandaya gələndə cəmi 1 xalı var idi. Qarşıma qoyulan əsas məqsəd komandaya daha yaxşı oyun sərgilətmək, daha yaxşı yer tutmaq idi. Mən gəldikdən sonra daha yaxşı oyun sərgiləməyə başladıq. Bundan sonra çoxlarının iştahı artdı. Avrokubokları tələb etdilər. Ancaq mənim qarşıma belə məqsəd qoyulmamışdı. Qoyulsaydı, başqa cür strategiya seçərdim. Mənim klubla müqavilə müddətim mayda bitir. Bilmirəm, rəhbərlik yeni müqavilə təklif edəcək, ya yox. İstefadan qorxmuram. Mən mərd insanam. İstefadan söz getmir. Dediyim kimi, onsuz da mayda müqaviləm bitir. Kiməsə mənimlə müqavilə bağlanması ilə bağlı yalvarası deyiləm. Yeni təklif olsa, öz şərtlərimi deyəcəyəm.

– Avrokuboklara gedə bilməsəniz, çəkdiyiniz əziyyətə heyfiniz gəlməyəcək?
– Nə qərar qəbul olunacaqsa, biz də onunla barışmalı olacağıq.

– Qriqorçuk komandasının daha yaxşı oyun sərgilədiyini dedi. O həmçinin qol buraxdıqları zaman cərimə zərbəsinin düzgün verilmədiyini də bildirdi... 
– Bu onun subyektiv fikridir. Onda mən də deyim ki, hər mübarizədə mənim komandama sarı vərəqə verilirdi. Rəqib 75 dəqiqə heç nə ilə yadda qalmırsa, hakim nə etməli idi? Əlbəttə, meydanda azlıqda qaldıqdan sonra rəqib üstün futbol sərgilədi.

– Demək olar ki, Ruslan Abışov bu gün kubokdakı səhvini “yudu”?
– Belə deməzdim. Kubokdakı Ruslanın yox, mənim səhvim idi. O, komandanın lideri, kapitanıdır. Tək bu gün yox, o dəfələrlə komandanı xilas edib. O oyunçu səhv etmir ki, o, meydanda yox, ehtiyat oyunçular skamyasında, mənim yanımda oturur. Meydana çıxan futbolçunun səhv etməsi normaldır.

– Bu gün “Forza Neftçi” yox idi. Bu fanklub komandanı ən çətin dövrlərində dəstəkləyib. Ancaq indi oyuna gəlməmişdilər... 
– Bu gün sıravi azarkeşlər komandanı çox yaxşı dəstəklədilər. “Forza”ya da bu günə qədər olduqları dəstəyə görə təşəkkür edirəm. Çalışacağıq ki, bundan sonrakı nəticələrimizlə onların ümidini yenidən doğruldaq. Hər halda, yaxşı gündə olduğu kimi, pis gündə də komandanın yanında olmaq lazımdır.

– Lukas Qomesin sanki meydanda varlığı ilə yoxluğu bilinmirdi... Ümumiyyətlə, o, arzuladığınız hücumçudur?
– Bilmirəm, Qomesin əvvəlki oyunlarına baxmısınız, ya yox. Onun öz oyun tərzi var. Məncə, pis oyun sərgiləmir. Mirabdulla Abbasovun öz yeri var, Qomesin öz. Hər halda, bir hücumçunu da çox yükləmək olmaz.

– Hakimlikdən razı qaldınız? Matçın gedişində tez-tez hakimin qərarlarına etiraz edirdiniz... 
– Mən mübarizənin tərəfdarıyam. Etirazımın səbəbi hakimin tez-tez sarı vərəqə verməsi idi. Hətta qırmızı vərəqə də göstərdi. Belə olanda özümü saxlaya bilmirəm.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.