“Artıq oyunçuların üzünə baxa bilmirəm" – Roman Qriqorçuk

Azərbaycan Premyer Liqasının XXIV turunda səfərdə “Neftçi”yə uduzan “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk (0:1) oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Prosport.Az xəbər verir ki, ukraynalı mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

– Bu gün yaxşı oyun izlədik. Təəssüf ki, bu matçda məğlub olduq. Futbol belədir. Komandamın oyunundan razı qaldım. Futbolçularım kombinasiyalı, sürətli oyun sərgilədilər. Cərimə zərbəsindən erkən qol buraxdıq. Rəqib bizim qapının önündə az qol fürsəti yaratdı. Demək olar, yüfzaizli qol epizodu yaratmadılar. Qol buraxdığımız epizodda, məncə, cərimə yox idi. Bu birinci dəfə deyil.

– Ümumiyyətlə, hakimliyi necə dəyərləndirərdiniz? Hakim tez-tez oyunu saxlayaraq xırda follar verirdi. Siz də buna tez-tez etiraz edirdiniz...
– Dediyim kimi, qol buraxdığımız cərimə zərbəsi, məncə, düzgün verilməmişdi. Komandam yaxşı mübarizə apardı. Lakin 3-cü dəqiqədə verilən cərimə zərbəsi hər şeyi tam dəyişdi. Etiraz edəndə deyir ki, rəqibə də sarı vərəqə göstərdim. Əlbəttə, göstərməlisən. Hətta daha artıq göstərməli idi. Hakim meydanda düzgün idarəçilik etməlidir. Düzdür, biz hakimliyi yox, öz oyunumuzu müzakirə etməliyik. Məhəmməd Mirzəbəyov bir neçə dəfə simulyasiya etsə də, hakimin fiti susurdu. O, ilk hissədə simulyasiya etdi, bunun da nəticəsində təyin edilmiş cərimə zərbəsindən rəqib hesabı açdı. Daha sonra da bunu təkrarladı. Biz isə futbolçularımıza həmişə simulyasiya etməməyi tapşırırıq. Məhəmməd dindar insandır, yalan danışa bilmir. İndi onun özündən soruşacağam, görək həmin epizodda simulyasiya etmişdi, ya yox. Hakim buna niyə göz yumurdu? Mən bundan yorulmuşam. Artıq neçənci dəfədir eyni hal təkrarlanır. “Qəbələ” bundan artıq nə etməlidir? Biz döyüşürük, əlimizdən gələni edirik, oyunlara yaxşı hazırlaşırıq. Lakin bu cür qərarlar hər şeyi məhv edir. Artıq oyunçuların üzünə baxa bilmirəm. Rəqib də yaxşı təsir bağışladı. Ümumilikdə, bu gün meydanda sərgilənən futbol mənim xoşuma gəldi.

– Rəqib azlıqda qalsa da, yenə qalib gələ bilmədiniz. Buna hakimlər nə etsin?
– Bununla razılaşmıram. Rəqibə qırmızı vərəqə verilməli idi. Hakim rəqib futbolçuya qırmızı vərəqə göstərməklə bizə kömək etmədi. O ki qaldı oyuna, bayaq da dediyim kimi, futbolçularımın oyunundan razı qaldım.

– Bu gün Ruslan Qurbanovu müdafiədə oynadırdınız. Bu ona bir qədər yad mövqedir...
– O artıq bundan öncəki 6-7 oyunda da bu mövqedə çıxış edib. Bu onda yaxşı alınır. Ruslan həm hücumda, həm də arxa xətdə yaxşı çıxış edir.

– Bu gün hamı qapıda Dmitri Bezotosnının olacağını gözləsə də, siz Aqil Məmmədova şans verdiniz...
– Aqilin start heyətdə yer almasına səbəb Dmitrinin zədəli olması idi. O, kubok oyununa da zədəli çıxmışdı.

– “Qarabağ” artıq çempion oldu. Bu, komandanı növbəti oyunlara kökləməkdə çətinlik yaratmayacaq ki?
– “Qarabağ”ı çempionluq münasibəti ilə təbrik edirəm. Bu komanda artıq bir neçə tur idi çempionluğa çox yaxın idi. Onlar buna layiq idilər. Bu komanda digərlərini aşkar üstələyirdi. “Qarabağ” ilk pilləni təmin etdi. Lakin biz hələ II pilləni təmin etməmişik. Biz çempionatda da sona kimi mübarizə aparmalıyıq. Düzdür, kubok bizim üçün vacibdir, lakin bu o demək deyil ki, çempionatda var qüvvəmizlə mübarizə aparmayacağıq.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.