"Penaltinin olduğu hətta kosmosdan görünərdi" - Qriqorçuk

Azərbaycan Premyer Liqasının XX turunda səfərdə “Keşlə” ilə heç-heçə (1:1) edən “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. 

Prosport.Az xəbər verir ki, ukraynalı mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

- Mən artıq yorulmuşam bundan. 3 ildi ki eyni şey təkrarlanır. Mən sadəcə olaraq, başa düşə bilmirəm. Bu oyunda penaltinin olduğu hətta kosmosdan görünərdi. Bir daha deyirəm, belə vəziyyətdə nə deyəcəyimi bilmirəm. Fikirlərimi sözlə ifadə edə bilmirəm. Qol vururuq, oyundankənar vəziyyət verilir. Bilmirəm niyə belə edirlər, “Qəbələ”nin günahı nədir... Bu cür mümkün deyil. Rəqib yaxşı oynadı, bunu qəbul edirəm. Qarşıda kubok oyunlarımız var. Keçən mövsümdə, “Neftçi” ilə kubok oyununda da təmiz penaltimiz verilməmişdi. 

- Əgər “Qəbələ” adi vəziyyətdə öz qapısına qol vurursa, bunda hakimlərin günahı nədir?
- Hakimliklə bağlı danışmaq istəməzdim. Biz digər rəqiblərdən üstünük. Düzdü, “Qarabağ” bizdən daha üstündür. Ancaq digər komandaları səviyyəcə üstələyirik. Demirəm, biz bütün komandaları rahatlıqla məğlub edirik. Xeyr, belə deyil. Bizdə qol fürsətlərini reallaşdırmaqla bağlı problemlər var. Demirəm ki, bizim qarşımızda heç kim dura bilməz, ancaq hakimlər bizə mane olur. Demək istədiyim odu ki, öz üzərimizdə çox işləməliyik, sadəcə, hakimlər reallaşdırmaq istədiyimiz şeylərə mane olur.

- Keçən oyunlarda Vernidubun səhvlərindən xallar itirmişdiz. 
- Belə getsə, onlar bombardirlər siyahısına qoşulacaqlar. Çempionatda bombardirlər 8 qol vurub, buna nəzər salsaq, həmin futbolçulara çatmaları çətin olmamalıdır. Ancaq bunun olmasını arzulamazdım. Ciddi cavab versəm, hər iki oyunçuya hörmətim var. 

- Limit istədiyiniz heyəti seçməkdə nə dərəcədə əngəl olur?
- Hücumçularımız hamısı legionerlərdi. Biz qol vurmalıyıq. Buna görə, hücumçuya ehtiyacımız var. Bunun üçün digər mövqelərdə yerli oyunçulara şans verməyə məcbur oluram.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.