"Əsas odur ki, qol fürsəti əldə edə bilirdi" - Qurban Qurbanov

Azərbaycan Premyer Liqasının XIX turunda evdə “Zirə”ni məğlub edən (2:0) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Prosport.Az xəbər verir ki, Qurbanov əvvəlcə oyunla bağlı fikirlərini bildirib:

- Vacib 3 xal qazandıq. Bilirdik ki, “Zirə” ötən turdakı məğlubiyyətdən sonra daha istəkli olacaq. Belə də oldu. İlk 15-20 dəqiqədə çətinlik çəkdik. İkinci hissədə də eyni ssenari oldu. Ancaq 3 xal qazanmağı bacardıq. Futbolçularıma təşəkkür edirəm.

- Həmişə Ramil Şeydayevə az şans verdiyiniz deyilirdi. Bu gün onun oyunundan razı qaldız?
- Bəli, razı qaldım. Təkcə onun yox, bütün futbolçuların oyunundan razı qaldım. Ramil bu oyunda çox çalışdı. Çox istəkli idi.

- Ancaq Ramil sanki qol duyumunu itirib...
- Bu, normal haldı. Həmin epizodları əldə etmək əsasdı. Əsas odur ki, qol fürsəti əldə edə bilirdi. Hücumçu üçün əsas xüsusiyyət budu. Ümid edirəm ki, vaxt keçdikcə bir az da düzələcək.

- Növbəti oyunda “Neftçi” ilə qarşılaşacaqsız. Rəqib son vaxtlar öz oyununu tapıb...
- Bəli, məncə də, rəqib son vaxtlar yaxşı oyun sərgiləyir. “Qəbələ” ilə oyunda 2, “Keşlə”yə isə 3 qol vurdular. Bu komanda öz oyununu tapıb. Çətin qarşılaşma olacaq. Fikrimcə, azarkeşlər maraqlı oyun izləyəcəklər.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.