"Qəbələ" nəhayət ki Avstriyada ortabab komandaya uduzmadı

Avstriyanın Zalsburq şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” 2017/18 mövsümünə hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Prosport.Az xəbər verir ki, “qırmızı-qaralar” Hollandiyanın “Utrext” klubu ilə qarşılaşıb.

Baş məşqçi Roman Qriqorçuk start heyətində aşağıdakı futbolçulara şans verib: Dmitri Bezotosnı, Qismət Alıyev, Rasim Ramaldanov, Voyislav Stankoviç, Ürfan Abbasov, Endi Hallidey, Elvin Camalov, Xavi Ernandes, Filip Ozobiç, Cavid Hüseynov, Famussa Kone.

Oyun qarşılıqlı hücumlarla başlasa da, “Qəbələ” üstünlüyü ələ alıb. Topa daha çox nəzarət edən “qırmızı-qaralar” fasiləyədək bu üstünlüyü qola çevirə bilməyib. Oyunun gedişində Vitali Vernidub Stankoviçi, İlqar Qurbanov Abbasovu, Asif Məmmədov Ozobiçi, Araz Abdullayev Qisməti, Roman Hüseynov Hallideyi, Aqil Məmmədov Bezotosnını, Fərid Nəbiyev Xavini əvəzləyib.

İkinci hissə də komandamızın üstünlüyü şəraitində keçib. Qarşılaşmanın taleyini 1 qol həll edib. Türkiyənin "Göztəpə" klubundan icarəyə götürülmüş malili hücumçu Konenin 64-cü dəqiqədə vurduğu qol “qırmızı-qaralar”a 1:0 hesablı qələbə qazandırıb.

Xatırladaq ki, "Qəbələ" bu matçadək yerli “Fulpmes” (8:0), Rusiya “Axmat”ı (0:1), Avstriya “Vakker”i (0:1), Bolqarıstan təmsilçiləri MOİK (0:2) və “Ludoqorets” (0:2), Avstriya “Qrodiq”i (7:0) və Kiyev “Dinamo”su ilə (1:2) görüşüb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.