"İlboyu yeyirlər" - "Zirə"nin serbiyalı futbolçusu pulunun verilməməsindən şikayətləndi

“Zirə”nin serbiyalı yarımmüdafiəçisi Milan Curiç ölkəsinin mətbuatına açıqlama verib.

Prosport.Az xəbər verir ki, 29 yaşlı futbolçu Premyer Liqamız haqda danışıb: “Azərbaycanda və potsovet ölkələrində serb futbolçular çoxdur. Azərbaycan çempionatı digər potsovet ölkələrinin liqalarından heç də zəif deyil. Düzdür, komandaların sayı azdır. Amma onların hamısı demək olar ki, eyni gücdədir. Yalnız “Qarabağ” və “Qəbələ”dən başqa. Bu iki komanda çempionatın ən güclüləridir. Onların Avropa Liqasının qrup mərhələsində oynamaları təəccüblü deyil”.

Curiç Azərbaycan və Serbiya çempionatlarını da müqayisə edib: “Qarabağ”da çox futbolçunun şəxsi sürücüsü var. “Qəbələ”nin yaxşı şəraiti və futbol akademiyası var. Premyer Liqada çıxış edən 8 komandanın yarısının stadionu süni ot örtüklü meydançadır. Digər əsas problem isə azarkeş amilidir. 8 komandalı çempionat olduğu üçün 2 oyun ardıcıl qalib gələndə yüksək yerlərə qalxırsan, məğlub olanda isə əksi baş verir”.

Serbiyalı futbolçu yeni mövsümdəki hədəflərindən danışıb: “Yeni mövsüm Avropa Liqasında çıxış edəcəyik. “İnter” klubu hazırda sponsorsuz qalıb. “Neftçi” isə bu çempionatda zəif çıxış etdi. Yalnız “Qarabağ” və “Qəbələ” digər komandalardan üstündür. Növbəti mövsümdə Premyer Liqada uğurlu çıxış edə bilərik”.

2012-2015-ci illərdə vətənində “Yaqodina” klubunda çıxış etmiş yarımmüdafiəçi hələ də maaşını ala bilməməsindən şikayətlənib. Curiç Serbiya Futbol Federasiyasının klublara ciddi nəzarət etmədiyini dilə gətirib: “İlboyu yeyirlər. Bu, biabırçılıqdır! “Yaqodina” peşəkar karyeramda ən yaxşı klub idi. Lakin məni necə yüksəltmişdilərsə, elə də dəfn etdilər”.

Qeyd edək ki, hücumameyilli yarımmüdafiəçi növbəti mövsüm də "Zirə"də oynayacağını və 1 illik yeni müqaviləyə qol çəkdiyini bildirib.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.