"Bir yerdə “Qarabağ” adı varsa, bu, böyük məsuliyyətdir" - Rəşad Sadıqov

19 yaşadək ibarət futbolçulardan ibarət “Qarabağ” dünən “Qəbələ”ni 3:1 hesabıyla məğlub edərək sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirib.

Prosport.Az xəbər verir ki, bu komandanın baş məşqçisi Rəşad Sadıqov çempionluq haqda öz fikirlərini klubun rəsmi saytına bildirib:

“Çox sevincliyəm. Məşqçi kimi çempionluğu yaşadım, bu mənim üçün fərqli, xoş hisslərdir. Çempionluq asan olmadı, “Neftçi”, “Qəbələ”, “Zirə” kimi güclü rəqiblərimiz var idi. İlk turdan son turlara qədər gərgin mübarizə getdi. Şükürlər olsun, yaxşı nəticə əldə edə bildik. Futbolçularıma təşəkkür edirəm, ilk gündən sona qədər vuruşdular, inandılar. Mənə etimad göstərdiklərinə görə, klub rəhbərliyinə təşəkkürümü bildirirəm. İstər U-12, istər U-13 və istərsə də U-19 komandasında olsun, bir yerdə “Qarabağ” adı varsa, bu, böyük məsuliyyətdir. Yalnız I olmalısan deyə bir şey yoxdur, amma olduqda da adama xoş təsir bağışlayır".

“Qarabağ”ın kapitanı Sadıqov məşqçi kimi qazandığı uğuru daha üstün sayıb: “Futbolçu kimi çempionluq yaşayanda bu qədər sevincli olmamışdım. Məşqçi işi daha çətin və həyəcanlıdır. Çünki özün meydançada ola bilmirsən, kənardan izləmək, gedişata təsir etmək daha çox çətindir. Daha məsuliyyətli olmalısan ki, meydanda onun bəhrəsini görə biləsən”.

Qeyd edək ki, "Qarabağ" U-19-ların yarışında ölkə çempionu olmaqla Azərbaycanı ilk dəfə UEFA Gənclər Liqasında təmsil etmək hüququ qazanıb.

  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.