AFFA ilə ukraynalıların jurnalistlərə qoyduğu fərq

  • Kateqoriya Bloqlar

Yaxınlarda belə bir xəbər oxudum. Ukrayna Futbol Federasiyası Rusiyada keçiriləcək dünya çempionatına öz jurnalistlərini göndərməyəcək. Səbəb isə budur: yerli hökumət Ukraynaya düşmən olan Rusiyada öz jurnalistlərinin təhlükəsizliyinə görə məsuliyyət daşımaq istəmir.

Əslində, məntiqli və kifayət qədər başadüşülən addımdır. Düşünürəm ki, bu addımdan heç bir ukraynalı jurnalist inciməz.

Bu yerdə sizdə sual doğa bilər. Bəs ukraynalı jurnalist sərbəst şəkildə Rusiya ərazisinə gedib oyunları öz işlədiyi redaksiya üçün işıqlandıra bilməzmi? Cavab birmənalıdır: Yox!

Məsələ burasındadır ki, hər hansısa idman jurnalisti dünya çempionatına ezam oluna bilmək üçün mütləq yerli federasiyanın “qılınc”ından keçməlidir. Bu, FİFA-nın və Dünya Çempionatının Təşkilat Komitəsinin qoyduğu qanun-qaydalardır. Yəni, hər hansısa oyuna jurnalist kimi akkreditasiyadan keçmək üçün ilk növbədə yerli federasiyadan açar nömrəsi (key number) almaq gərəkir. Bu kod federasiya tərəfindən verilmədiyi halda, sənin mundiala jurnalist akkreditasiyası ilə getmək imkanın mümkünsüz olur. 

Yeri gəlmişkən, FİFA hər federasiyaya bəlli sayda akkreditasiyadan keçmək üçün kvota ayırır. Təbii ki, bu, ölkələrin adından da asılı olur. Məsələn, deyək ki, dünya çempionatının iştirakçısı Fransa və ya Almaniyaya 10-15 jurnalist yeri ayrılırsa, mundial iştirakçısı olmayan Azərbaycana 3 yer verilir. Yəni, AFFA-nın 3-dən artıq jurnalistə key number vermək imkanı yoxdur.

Düşünürəm ki, akkreditasiya proseduru haqda sizdə təəssürat formalaşdıra bildim. İndi keçirəm məsələnin əsas məğzinə. Çox təəssüf ki, Azərbaycanı bu il dünya çempionatında müstəqil jurnalist təmsil edə bilməyəcək. Niyəsi isə ondan ibarətdir ki, AFFA Azərbaycan üçün ayrılmış 3 yerə də öz namizədini verib. Hələ dekabrın 2-də akkreditasiya elanı veriləndə artıq AFFA öz adamlarına key number verərək onları qeydiyyatdan keçirib.

Müraciət edən jurnalistlər isə kənarda qalıb. Məndə olan bilgilərə görə, AFFA 2 jurnalist və 1 fotoqrafın adına key number ayırıb. Əslində mən özüm də inanmıram ki, qeydiyyatdan keçənlər jurnalistlərdir. Bəyəm azmı olubmu ki, Olimpiadalar üçün ayrılmış yerlərə jurnalistlər yox, tanış-tunuşlar gedib? Burda da həmin tanış-qohumbazlıq mexanizmi işə düşüb.

Hər halda belə olmasaydı, AFFA-nın yeni İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanın bu qeydiyyatdan xəbəri olardı. O bizə dəfələrlə səbir etməyi, tezliklə müraciət edəcəyim sayt adından key number veriləcəyini bildirdi. Görünür, ora hansı jurnalistlərin getməsi məsələsi heç onun səviyyəsində yox, daha yuxarı müstəvidə həll olunub.

İstənilən halda, AFFA-nın bu addımı hər 4 ildən bir keçirilən mundiala getmək istəyən jurnalistin xəyallarının üstündən xətt çəkmək deməkdir. Niyə axı Rusiyada Azərbaycanı təmsil edəcək əsl media nümayəndəsi olmasın ki?! Niyə AFFA-nın ayırdığı “jurnalist” ora kefə getsin, amma biz burda yalnız televizor arxasından oyunu seyr etməklə kifayətlənək? Niyə axı, niyə? Biz jurnalistlərə niyə həmişə sonuncu "sort" təbəqə kimi yanaşılsın ki? Niyə də, niyə axı? Ukraynalı jurnalistləri başa düşdük, bəs bizim günahımız nədir ki, burnumuzun dibində olan bir ölkəyə, illərdir gözlədiyimiz bir turnirə media işçisi kimi gedə bilməyək?..

Səbuhi TOFİQOĞLU

Bu kateqoriyalar haqda daha çox « Adı bizim, dadı başqalarının - YAZI
  • Saytın müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.